
Torpağının, bağ və bağçasının bərəkəti, iqliminin, abu-havasının lətafəti ilə hər kəsi imrəndirən o gözəl Krımımız son zamanlar ağır, pək ağır günlər keçirməkdədir. Almanların Krımdan çəkiləcəkləri eyicə anlaşılıqdan sonra, daxildə ötədən bəri müxtəlif partiyalar tərəfindən hücum edilə gələn Süleyman Paşa Sulkeviç Kabinəsi mövqeyi-iqtidarda qalmayacaq bir hala gəlmişdi. Bunun üçün məzkur [deyilən] Kabinə istefasını Krımdakı alman generali Koşa təqdimlə işdən çəkilmişdi.
Bu əsnada zemstvo [yerli özünüidarə qurumu] və şəhər idarələri nümayəndələrinin bilictima [yığıлараq] çıxardıqları rezolyutisyalarla [qərardadlarla] yeni Kabinə təşkili kadetlərə həvalə edilmişdi. Sosial-revolusionerlə sosial-demokratların kadetlərə qarşı güzəşt etmələrinə səbəb, o zamana qədər keçən vüquatın [hadisələrin] partiyalar üzərində buraxdığı əks-təsirlə Kabinə başında bir müsəlman kişinin bulunması idi. İştə o vaxtki inqilab həp bu əhvali-ruhiyyə təsiri ilə icra edilmişdi. Kadet firqəsi müntəsiblərindən [Kadet partiyasına mənsub olanlardan] olan Solomon Krım nam [adlı] kimsə yeni bir Kabinə təşkilinə təşəbbüs etdiyi zaman müxtəlif partiyalarla bərabər, müsəlmanları da dəvət etmişdi. Lakin, müsəlmanlar öz diləklərini yerinə gətirmədiyi üçün Kabinəyə iştirak etmədi və bitərəf bir vəziyyətdə qaldı. Fəqət Kabinənin milli əsasa toxunduğunu, milli əməl [məqsəd] önünə sədd çəkdiyini sezən, görən müsəlman Parlamento bürosu sükut etmədi. Gərək mətbuatla və gərəksə Müttəfiqlər nəzdinə ezam etdiyi deleqatlarla haqlı protestolarını izhar etdi [bildirdi]. Əzcümlə [o cümlədən], yeni Kabinənin Xariciyyə naziri Vinaver Müttəfiqlər nümayəndələrinə qarşı “Yedinaya Rossiya” lehində nitq etdiyi əsnada, bütün Krım millətləri[nin] o arzuda olduğunu zikr etməsi protesto edilməyəcək bir hal deyildi. Netəkim də edildi. Daha buna bənzər bir çox hadisələr oldu keçdi.
Bu Kabinə təşəkkül etmək üzrə ikən Dondan Denikinin Könüllü ordusu əfradı [əsgərləri] Krımda görünməyə başlamışdı. Anlaşılırdı ki, almanların tərk edəcəkləri bu mövqeyi onlar işğal etmək istəyirlərdi. Kadetlər mövqeyi-iqtidara gəldikləri zaman Könüllü ordunun bu arzusunu is’af edəcəklərinə [yerinə gətirəcəklərinə] heç şübhə edilməzdi. Çünki, ikisinin yolu da bir idi. Çox keçmədi, bu həqiqət bütün mənası ilə təzahür etdi. Könüllü ordu Dondan, Novorossiyskdən azar-azar Krıma keçib yerləşdikdən, qüvvət bulduqdan sonra Krımda “hakimi-mütləq” kəsildi. Nə Kabinənin səsi eşidilir, nə də xalqın rəyi soru[şu]lurdu. Daxildə, xaricdə müxtəlif qüvvətlərlə mübarizə etmək üçün qüvvət toplamağı gözünə alan Könüllü ordu əvvəlcə çıxdığı planını şu yolda mövqeyi-tətbiqə qoymağa yeltəndi [təşəbbüs etdi]: Əvvəla, müsəlman əhaliyə müraciət etdi. Kəndlərdən, şəhərlərdən nümayəndə dəvət etdi. Nümayəndələr pək az gəldisə də, nəticə bəklənildiyi kimi çıxmadı.
Nümayəndələr: «Bizim burada bu mühüm məsələ haqqında söz söyləməyə heç bir haqq və səlahiyyətimiz yoxdur; bu haqq və səlahiyyət tam demokratik bir üsul ilə intixab edilən [seçilən] Parlamentomuzundur; binaənileyh [ona görə], bu məsələni onunla birlikdə həll edə bilərsiniz» dedilər, kəsdilər. Könüllü ordu Parlamentodan mətluba müvafiq [arzuedilən] bir şey çıxmayacağını yəqinən bildiyi üçün məcburi mobilizasiyaya [səfərbərliyə] qərar verdi. Rəsmən elanını da nəşr etdi. İlk gün mərkəzə yalnız on kişi gəlmişdi ki, bu da xalqın bu babdakı [xüsusdakı] psixologiyasını pək açıq bir surətdə meydana qoymuşdu. Lakin Könüllü ordu bu müvəffəqiyyətsizliyə baxmayaraq, planını icradan geri durmayırdı. Ən birinci məqsədi də bolşevizm fikri yerləşməmiş və biləks [əksinə] bolşeviklərə qarşı fədayi-can etmiş, öc [intiqam] almış müsəlmanlarla əl-ələ verib əməl [ideal] yolunda müvəffəqiyyətli addımlar ata biləcəklərini düşünürlərdi.
Bu fikirlərində isabət etdiklərinə də qənaət gətirirlərdi. Fəqət, heyhat! Şimdiyə qədər duyğularla köçən-gedən millətlərə də zaman artıq öz milli mənfəətini tanıtdığını, öz milli əməlini doğurduğunu bir əmri-vaqe [fakt] halında görən Könüllü ordu, nədəndir bilməyiz, yenə inanmır və bu xüsusdakı müvəffəqiyyətsizliyinin səbəbini Parlamento əzalarında [üzvlərində] arayırdı. Biz Krımdan ayrıldığımız zaman Könüllü ordu ilə Parlamento bürosunun arası gərginləşdiyi duyulurdu. Krımdan bizdən iki həftə sonra çıxan və buraya ikiüç gün əvvəl gələn möhtərəm vətəndaşlarımızla mülaqatımızda onlardan şu xəbərləri aldıq:
Solomon Krım kabinəsi [ilə] birlikdə hərəkət edən Könüllü ordu müsəlman Parlamentosu əzasından Seyidcəlil əfəndi Xəttatovla doktor Xəlil əfəndi Çapçakçı, Bəkir Sidqi əfəndinin iqamətgahlarına və milli müəssisələrə apansızın gedərək təhərri [axtarış] etmişlər. Təhərriyə o qədər əhəmiyyət vermişlər ki, Seyidcəlil əfəndinin Baxçasarayda beş sənə əvvəl oturduğu evinə belə getmişlər, axtarmışlar. Bu təhərridən, bu axtarışdan təbii bir şey çıxmamış, çıxmaz da. Ancaq məzkur [deyilən] kimsələr haqqında təqibati-qanuniyyəyə təvəssül edilmiş[qanuni təqibə müraciət edilmiş], guya mobilizasiya [səfərbərlik] elan edildiyi zaman bu əfəndilər mobilizasiyanın əleyhində propaqanda yapmışlarmış. Bunun üçün də dövlət xainləri sayılırlar imiş. Şurası daha ziyadə şayani-təəccüb [təəccüblü] ki, təhərridən Simferopol okrujnoy sudunun [dairə məhkəməsinin] prokuroru Kriçinski xəbərdar edilmədiyi kimi, işdən əl çəkdirilməyə qədər də varılmış.
Çünki, Kriçinski cənabları Litva müsəlmanlarından və müqtədir millətpərvər gənclərindən biridir. Onun böylə mühüm bir mövqeyi işğal edişi gözə tikan kimi batır və təqib edilən planlar qolaylıqla meydana çıxmayırmış. Bu təhərrilər bir başqa xarakteri də ehtiva edirmiş. Şəhər və zemstvo idarələri intixablarında [seçkilərində] əhəmiyyətli təşkilatla hərəkət edən və ümidin xaricində müvəffəqiyyətlər görən islam gəncləri[nin] ümumi Məclisi-Məbusan intixablarında da eyni müvəffəqiyyəti görəcəklərinə şübhələri olmayan Kabinə və Könüllü ordunun tutduğu politika, iləri gələn gəncləri bu kimi uydurma şeylərlə ittiham edərək onların önlərinə bununla sədd çəkmək imiş. Bu xəbərin və bu siyasətin böylə olmadığına inanırıq. Çünki məşru [qanuni] bir surətdə haqq qazananmayanların yolu naməşru [qeyri-qanuni] yoldur. Fəqət bu yolda əldə edilən haqqların, hakimiyyətlərin ömrü pək qısadır. Çox keçmədən zaman bunu bizə göstərər.